5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra - Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. Şuranın fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan Katiblik həyata keçirir.
5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
5.4. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 (üç) iş günü müddətində müvafiq dövlət orqanlarına göndərilir. Dövlət orqanlarının rəhbərləri tərəfindən həmin qərarın icra vəziyyəti barədə hesabat 30 (otuz) gün müddətində Şuraya təqdim edilir.