23.1. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə dövlət rüsumu tam məbləğdə ödənilir.
23.2. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə dövlət rüsumunun 50 faizi (regional yerüstü televiziya yayımçısı və regional yerüstü radio yayımçısı istisna olmaqla) ödənilir.
23.2-1. Bu Qanunun 22.0.42-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödənilir.
23.3. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə, həmin alt növlərdən biri üçün dövlət rüsumu ödənilir. Bu zaman həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin müvafiq növü üzrə bir və ya bir neçə iş və xidmətlərin həyata keçirilməsi üçün müraciət edildikdə, iş və xidmətlərin sayından asılı olmayaraq həmin fəaliyyət növü üçün dövlət rüsumu ödənilir.
23.4. Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə dövlət rüsumunun 50 faizi ödənilir. Bu zaman bu Qanunun 23.3-cü maddəsinin müddəaları tətbiq olunur.
23.5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.