14.1. Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.
14.2. Müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə, idarə və təşkilatlarda məlumat daşıyıcıları məxfiləşdirilərkən əsas götürülmüş siyahının müddəaları dəyişərsə, daşıyıcıların məxfiliyi həmin müddət bitənədək açılmalıdır.
14.3. Müstəsna hallarda dövlət sirri təşkil edən məlumat daşıyıcılarının əvvəl müəyyənləşdirilmiş məxfilik müddətini uzatmaq hüququ dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə verilir. Belə qərarları həmin rəhbərlər müəyyənləşdirilmiş qaydada təyin etdikləri ekspert komissiyasının rəyi əsasında qəbul edirlər.
14.4. Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərlərinə onların tabeliyində olan vəzifəli şəxslərin əsassız məxfiləşdirdikləri məlumatların məxfiliyini açmaq səlahiyyəti verilir.
14.5. Azərbaycan Respublikası dövlət arxivlərinin rəhbərlərinə fondyaradıcı təşkilat və ya onun hüquqi varisi tərəfindən həmin arxivlərin qapalı fondlarında mühafizə edilən dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyini açmaq səlahiyyəti verilə bilər. Fondyaradıcı təşkilat ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin açılması qaydasına dair qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.