15.1. Ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər.
Ədliyyə orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əməkhaqqı üç ay müddətində saxlanılır.
15.2. Ədliyyə orqanlarının işçisi cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərinin icrasına buraxılmır.
15.3. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış ədliyyə orqanlarının işçisi barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrinin icrasına buraxılır.
15.4. Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir.
15.5. Ədliyyə orqanlarının işçisi bu Qanunun 31.1-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız ədliyyə orqanlarının işçisinin öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində işçi barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına davam etdirilməsinə, yaxud intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir.
15.6. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində işçiyə tam həcmdə əməkhaqqı ödənilir.
M a d d ə 1 6. Ədliyyə orqanları işçilərinin peşə hazırlığı və əlavə təhsili
16.1. Ədliyyə orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədilə ədliyyə orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq təhsil sistemindən və digər tədbirlərdən istifadə olunur.
16.2. Ədliyyə orqanları işçisinin öz ixtisasını artırması onun qulluq borcu, işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi rəhbər işçilərin qulluq vəzifəsidir. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun təhsilə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alınır.
16.3. Ədliyyə orqanları işçisinin əlavə təhsil aldığı müddət ədliyyə orqanlarında iş stajına hesablanır, qulluq illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.