17.1. Ədliyyə orqanlarında işçilərin tutduqları vəzifələrə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, ixtisaslarının və peşə hazırlıqlarının yüksəldilməsi və ya təkrar hazırlıq keçmələrinin zərurət dərəcələrinin müəyyənləşdirilməsi, habelə kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi məqsədilə attestasiya keçirilir.
Ədliyyə orqanları işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Ədliyyə orqanları işçilərinin fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
17.1-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan ədliyyə orqanları işçilərinin attestasiyası keçirilə bilər. Hər bir ədliyyə orqanı işçisinin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir.
17.2. Ədliyyə orqanları işçilərinin attestasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada keçirilir.