Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Xüsusi rütbələrin verilməsi qaydası

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Xüsusi rütbələr fərdi qaydada, təhsili, olduqları xüsusi rütbədə qulluq müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin bu Qanunla nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir. Bu Qanunun 21.14-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xüsusi rütbələr ardıcıl qaydada verilir.

21.2. Ali, böyük və orta xüsusi rütbələr, bir qayda olaraq, ali hüquq təhsili olan işçilərə verilir. Qanunla nəzərdə tutulmuş hallarda digər ali təhsili olan ədliyyə işçilərinə həmin xüsusi rütbələr tutduqları vəzifəyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində hüquqi biliklərə yiyələndikdən sonra verilir. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kursları, eləcə də orta və ya orta ixtisas təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyəti vəzifələrinə təyin edilən şəxslərə verilir.

21.3. Hər bir xüsusi rütbədə olmaq üçün aşağıdakı müddətlər müəyyən olunur:

21.3.1. ədliyyə müşaviri, ədliyyə polkovnik-leytenantı, tibb xidməti polkovnik- leytenantı - 5 il;

21.3.2. kiçik ədliyyə müşaviri, ədliyyə mayoru, tibb xidməti mayoru-4 il;

21.3.3. I dərəcəli ədliyyə qulluqçusu, ədliyyə kapitanı, tibb xidməti kapitanı - 3 il;

21.3.4. II dərəcəli ədliyyə qulluqçusu, ədliyyə baş leytenantı, tibb xidməti baş leytenantı - 3 il;

21.3.5. III dərəcəli ədliyyə qulluqçusu, ədliyyə leytenantı, tibb xidməti leytenantı - 2 il;

21.3.6. ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı - 1 il;

21.3.7. ədliyyə giziri, tibb xidməti giziri - 3 il;

21.3.8. ədliyyə kiçik giziri, tibb xidməti kiçik giziri -3 il;

21.3.9. ədliyyə baş çavuşu, tibb xidməti baş çavuşu - 3 il;

21.3.10. ədliyyə çavuşu, tibb xidməti çavuşu - 2 il;

21.3.11. ədliyyə kiçik çavuşu, tibb xidməti kiçik çavuşu - 1 il.

21.4. Ali xüsusi rütbələrdə, habelə baş ədliyyə müşaviri, ədliyyə polkovniki, tibb xidməti polkovniki, ədliyyə baş giziri, tibb xidməti baş giziri, ədliyyə sıravisi və tibb xidməti sıravisi xüsusi rütbəsində olma müddəti müəyyən edilmir.

21.5. Ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq verilir. Ədliyyə orqanlarının müvafiq vəzifələrinin və bu vəzifələrə uyğun ali xüsusi rütbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

21.6. Digər xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı rəhbərinin təsdiq etdiyi vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısına uyğun olaraq ədliyyə işçilərinə verilir.

21.7. Böyük və orta xüsusi rütbələr müvafiq təqdimatlar əsasında aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:

21.7.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və tabeliyində olan orqanlarının işçilərinə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən;

21.7.2. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən ədliyyə orqanlarının işçilərinə - Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən. Bu halda baş ədliyyə müşaviri, ədliyyə polkovniki, tibb xidməti polkovniki, ədliyyə müşaviri, ədliyyə polkovnik-leytenantı və tibb xidməti polkovnik-leytenantı xüsusi rütbələrin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri ilə razılaşdırılır.

21.8. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərləri və ya onların müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən verilir.

21.9. Xüsusi rütbələr verilməsinə dair təqdimatın forması müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.

21.10. İlk orta və böyük xüsusi rütbə ilk dəfə ədliyyə orqanlarına daimi qulluğa qəbul edilənlərə verilir. İlk orta və böyük xüsusi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri verir.

21.11. Növbəti xüsusi rütbə bu Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla verilir.

21.12. İşçiyə növbəti xüsusi rütbə verilərkən aşağıdakılar nəzərə alınır:

21.12.1. tutduğu vəzifə;

21.12.2. xidməti xasiyyətnamə.

21.13. Ədliyyə orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir.

21.14. Xüsusi rütbə vermə hüququ olan səlahiyyətli şəxslər vəzifələrini nümunəvi icra etdiyinə və işindəki nailiyyətlərə görə işçilərə mükafatlandırma qaydasında bu Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş müddətdən əvvəl növbəti və ya işçinin daşıdığı xüsusi rütbədən bir pillə yuxarı növbədənkənar xüsusi rütbə verə bilərlər.

21.15. Ədliyyə işçisinə vaxtından əvvəl xüsusi rütbə onun daşıdığı xüsusi rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar xüsusi rütbənin verilməsinə işçinin ədliyyə orqanlarında qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

21.16. Vəzifədə irəli çəkilərkən ədliyyə işçisinə növbəyə riayət edilmədən daşıdığı xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.

21.17. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlar penitensiar xidmətdə vəzifələrə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr verilir.

21.18. Ehtiyatda olan zabitlər penitensiar xidmətdə vəzifələrə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə bilər.

21.19. Elmi dərəcəsi olan ədliyyə orqanları işçilərinə vəzifələri üzrə nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.

21.20. Sıravi və kiçik rəis heyəti vəzifələrində olan ədliyyə orqanlarının işçiləri orta və böyük rəis heyəti vəzifələrinə təyin olunduqda, onlara mövcud xüsusi rütbədə qulluq müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk xüsusi rütbəsi verilir. İlk kiçik xüsusi rütbəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs verir.

21.21. Ədliyyə orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.

21.22. Xüsusi rütbədə qulluq müddəti həmin xüsusi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.

21.23. Ədliyyə orqanları işçilərinə növbəti xüsusi rütbənin verilməsi əsassız gecikdirildikdə onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.

21.23-1. Ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.

21.24. Ədliyyə orqanları işçilərinin intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə qulluq müddəti bərpa olunmuş xüsusi rütbədə olma müddətinə daxil edilmir.

21.25. Xüsusi rütbə işçiyə ömürlük verilir və yalnız qanunla müəyyən edilmiş qaydada o, xüsusi rütbədən məhrum oluna bilər.

21.26. Xüsusi rütbədən asılı olaraq ədliyyə orqanları işçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda əlavə haqq ödənilir.

21.27. İxtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmçinin müəyyən olunmuş qaydada ekspert ixtisas dərəcəsi verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver