23.1. Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir.
23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar.
Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir.
23.3. Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir.
23.4. Mənzil növbəsinə dayanmış ədliyyə orqanlarının işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə onun ailəsinin mənzil almaq hüququ saxlanılır.
23.4-1.Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.
23.5. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya qulluğun davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş ədliyyə orqanlarının işçilərinə və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
23.6. Başqa yerə daimi işə keçirilmiş ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
23.7. Penitensiar və tibb xidmətlərinin işçilərinə və dövlət icra məmurlarına Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) istifadə edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda kompensasiya ödənilir.
23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər.
23.9. Bu Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qanunun 40.1.4-cü, 40.1.5-ci, 40.1.7-ci və ya 40.1.10-cu maddələrinə əsasən, yaxud pensiyaya çıxması ilə bağlı öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir.
23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
23.11. Ədliyyə orqanlarında 35 il qulluq etmiş, həmin orqanlarda qulluğunu davam etdirən ədliyyə orqanlarının işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.
23.12. Bu Qanunun 23.2-ci (pulsuz dövlət tibb xidməti istisna olmaqla), 23.3-cü və 23.7-ci maddələrində ədliyyə orqanlarının işçiləri üçün nəzərdə tutulan təminatlar müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə şamil edilmir.