31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:
31.1.1. irad tutma;
31.1.2. töhmət;
31.1.3. şiddətli töhmət;
31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
31.1.5. aşağı vəzifəyə keçirmə;
31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması;
31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir);
31.1.8. ədliyyə orqanlarından xaric etmə;
31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə.
31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır.
31.3. Xidməti intizamı pozduğuna görə ədliyyə orqanları işçisinin xüsusi rütbəsi (ədliyyə sıravisi, tibb xidməti sıravisi, ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, III dərəcəli ədliyyə qulluqçusu və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər.
31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.
31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə ədliyyə orqanının işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər.