Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. İntizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir.

32.2. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.

32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur.

32.4. Ədliyyə orqanlarının işçisinə intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Ədliyyə orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

32.5. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər.

32.6. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra ədliyyə orqanları işçisinə intizam tənbehi verilə bilməz.

32.7. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.

32.8. Bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ədliyyə orqanlarının işçisinə verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər.

32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir.

32.10. Ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər.

32.11. Ədliyyə orqanları işçisinin intizam tənbehi tətbiq edilməsi barədə əmrdən verdiyi şikayətlərə yuxarı orqanın rəhbəri tərəfindən bir ay müddətində baxılmalı və nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver