Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Penitensiar xidmətdə qulluğun şərtləri

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

36.1. Penitensiar xidmətin əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.

36.2. Xidməti şərait nəzərə alınmaqla penitensiar xidmətin əməkdaşları üçün müddəti qısaldılmış iş günü müəyyən edilə bilər.

36.3. Hərbi və ya fövqəladə vəziyyət elan edilmiş ərazilərdə penitensiar xidmətin əməkdaşlarının qulluq keçmələrinin xüsusiyyətləri qanunvericiliklə müəyyən edilir.

36.4. Penitensiar xidmətin əməkdaşları üçün əməkhaqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir:

36.4.1. hər il verilən əsas məzuniyyət;

36.4.2. xəstəliyə görə;

36.4.3. qısamüddətli.

36.5. Penitensiar xidmətin əməkdaşlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

36.6. Əsas məzuniyyət penitensiar xidmətin əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Bu məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir.

36.7. Penitensiar xidmətə qulluğa qəbul edilən il əsas məzuniyyətin müddəti qulluğa qəbul olunduğu gündən başlayaraq qulluğun hər tam ayına məzuniyyətin 12 hissəsindən biri düşmək hesabı ilə verilir. Bu zaman 15 təqvim günündən az müddətə olan məzuniyyət penitensiar xidmətin əməkdaşlarına onların arzusu ilə gələn ilin növbəti illik məzuniyyəti ilə eyni vaxtda verilə bilər.

36.8. Xəstəliyə görə məzuniyyət penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının tibbi-həkim komissiyasının rəyi əsasında verilir. Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir. Həmin məzuniyyətin müddəti altı aydan artıq olmamaqla xəstəlikdən asılı olaraq müəyyən edilir. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra penitensiar xidmətin əməkdaşı qulluğa yararlılığının yoxlanılması məqsədilə tibbi-həkim komissiyasının müayinəsindən keçməlidir. Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır.

36.9. Təxirəsalınmaz sosial-məişət məsələlərinin həlli və qohumluq borclarının yerinə yetirilməsi üçün, həmçinin digər üzrlü səbəblərə görə penitensiar xidmətin əməkdaşlarına 14 günə qədər qısamüddətli məzuniyyət verilə bilər. Qısamüddətli məzuniyyət əsas məzuniyyətin müddətinə daxil edilmir.

36.10. Penitensiar xidmətin əməkdaşları qulluqdan xaric edildikdə onlara qısamüddətli və xəstəliyə görə məzuniyyət verilmir.

36.11. Məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmə və qayıtma vaxtı penitensiar xidmətin əməkdaşlarına verilən əsas və xəstəliyə görə məzuniyyətlərin müddətinə əlavə edilir və ödənilir.

36.12. Penitensiar xidmətin əməkdaşlarına məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmə və geriyə qayıtma üçün yol haqqı əsas və ya xəstəliyə görə məzuniyyətlər verilərkən (ildə bir dəfə) ödənilir.

36.13. Penitensiar xidmətin əməkdaşlarının ailə üzvlərindən birinə əsas məzuniyyəti keçirmə yerinə (ölkə daxilində) getmək və geri qayıtmaq üçün iki ildə bir dəfə yol haqqı ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver