37.1. Penitensiar xidmətin əməkdaşlarının təminat xərcliyinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Müvafiq icra hakimiyyəti orqanının rəhbərinin müavinin təminat xərcliyinə yalnız vəzifə maaşı və xüsusi rütbəyə görə əlavə daxildir.
37.2. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları isə qanunvericiliklə müəyyən edilir.
37.3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən ödənişlər aşağıdakılar nəzərə alınmaqla ödənilir:
37.3.1. xidməti vəzifələrinin icrası zamanı alınmış xəsarətlə (yaralanma, travma, kontuziya) əlaqədar penitensiar xidmətin əməkdaşlarının müalicədə olma müddətləri məhdudlaşdırılmır;
37.3.2. xidməti vəzifələrinin icrası zamanı vərəm xəstəliyinə tutulmuş əməkdaşların müalicədə olma müddəti on iki ayla məhdudlaşdırılır.
37.4. Penitensiar xidmət işçilərinin vəzifə maaşları penitensiar müəssisələrin növündən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş işlərin (vəzifələrin) xüsusiyyətindən və ağırlığından asılı olaraq artırılır.
37.5. Penitensiar xidmətin əməkdaşları dövlət büdcəsi vəsaiti hesabına imtiyazlı ödəmə şərtilə ölkə daxilində sanatoriya-kurort müəssisələrinə yollayış ala bilərlər.
37.6. Xidməti vəzifələrini icra edərkən həlak olan (vəfat edən) əməkdaşların dəfni dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Əməkdaşların dəfni zamanı şərəfinə göstərilən ehtiram qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37.7. Müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və yeni xidmət yerinə göndərilən penitensiar xidmətin əməkdaşlarının mənzil ehtiyacının növbədənkənar qaydada ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər.
37.8. Penitensiar xidmətin əməkdaşlarına qanunvericiliklə nəzərdə tutulmuş digər təminatlar da verilir.