Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. İlk dəfə ədliyyə orqanlarına qəbul edilən şəxslər üçün, bir qayda olaraq, altı aylıq stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun üç aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.

6.2. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla ədliyyə orqanlarında daimi qulluğa qəbul edilir.

6.3. Stajorluq və sınaq müddətləri ədliyyə orqanına işə qəbula dair əmrdə göstərilir.

6.4. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olmadıqda o, sınaq müddəti ilə vəzifəyə təyin edilmir, sınaq müddətlərində attestasiyadan keçməmiş işçi isə daimi qulluğa qəbul edilmir.

6.5. Ədliyyə orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra - elmi dərəcəsi) olan şəxslər, dövlət notariusu vəzifəsinə təyin olunan, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilmir və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, ədliyyə orqanlarında daimi qulluğa qəbul edilirlər.

6.5-1. Ədliyyə orqanlarına qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində stajorluq və sınaq müddətləri müəyyən edilmir.

6.6. Stajorluq və sınaq müddətləri ədliyyə orqanlarında iş stajına hesablanır, qulluq illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.

6.7. Stajorluq və sınaq müddətində işçilər yalnız vəzifə maaşı alırlar.

6.8. Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver