Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir.
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir.
DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçirilir.
DPİ üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
DPİ üzrə 5 (beş) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş minimum krediti toplayan və ya sertifikasiya imtahanından keçən şəxslərə sertifikasiya şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) verilir. Şəhadətnamə 5 (beş) il müddətində etibarlıdır. Minimum krediti toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər.
Sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsizdir. Sınaq imtahanında iştirak könüllüdür və onun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sertifikasiya imtahanında iştirak edən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir.
Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası tələb olunmur.
Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 (beş) il müddətində şəhadətnamə tələb olunmur.
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.
Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır.
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.