Xalq təbabəti qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçməmiş, lakin xalq ənənələrində təsdiqini tapmış sağaltma, profilaktika, müayinə və müalicə üsullarıdır.
Xalq təbabətindən istifadə qaydaları qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız qeyri-dövlət səhiyyə sistemində tətbiq edilə bilər.
Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Kütləvi təbiblik seanslarının keçirilməsi, o cümlədən media subyektlərinin bu işlərə cəlb olunması qadağandır.
Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.
Təbiblik fəaliyyətinin dayandırılması haqqında qərar, bu fəaliyyətə icazə verən orqan tərəfindən qəbul edilir və bu qərarla razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.
Təbiblik fəaliyyəti ilə qanunsuz məşğul olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.