Qanunvericilik › Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Mərkəzlərin hüquqları, vəzifələri və məsuliyyəti

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Mərkəzlər aşağıdakı hüquqlara malikdirlər:

17.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz fəaliyyətini təmin etmək və tənzimləmək;

17.1.2. bu Qanunda nəzərdə tutulan sertifikat xidmətlərini göstərmək;

17.1.3. təkmil sertifikatlarla bağlı xidmətlər göstərmək üçün müvafiq icra hakimiyyəti orqanında akkreditədən keçmək;

17.1.4. fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmək;

17.1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada fəaliyyətinə xitam vermək;

17.1.6. Mərkəzin qeydiyyatının və ya akkreditəsinin ləğv olunması, sertifikatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsilə bağlı qərarlardan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

17.1.7. ödənişli əsaslarla sertifikat xidmətləri göstərmək;

17.1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sertifikatların istifadə sahələrini və məhdudiyyətlərini müəyyən etmək.

17.2. Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, Mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırmalıdır.

17.3. Mərkəzlər aşağıdakı vəzifələri yerinə yetirir:

17.3.1. fəaliyyətin təhlükəsizliyini və imza sahibi barəsində məlumatların mühafizəsini təmin edir;

17.3.2. imza sahibinin təqdim etdiyi sənədləri araşdırır və zəruri hallarda onların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanına müraciət edir;

17.3.3. sertifikatların reyestrini aparır, onun aktuallığını və ona sərbəst, fasiləsiz müraciət edilməsi üçün lazımi şəraiti təmin edir;

17.3.4. sertifikatlar barədə məlumatlar verir;

17.3.5. sertifikat xidmətləri üzrə sənədləri və məlumatları saxlayır;

17.3.6. bu Qanunun 13 və 14-cü maddələrində nəzərdə tutulan hallarda sertifikatların qüvvəsini dayandırır, bərpa və ya ləğv edir, bu barədə imza sahibini və müraciət edən səlahiyyətli şəxsi (orqanı) məlumatlandırır;

17.3.7. fəaliyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edir və onun sorğularına cavab verir;

17.3.8. fəaliyyətə başladığı müddət nəzərə alınmaqla, hər il informasiya sisteminin təhlükəsizlik auditinin keçirilməsini təmin edir və nəticəsini 30 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edir;

17.3.9. müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyətinə nəzarət edilməsinə şərait yaradır;

17.3.10. Azərbaycan Respublikasının qanunvericiliyində və ya tərəflər arasındakı müqavilədə nəzərdə tutulmuş digər vəzifələri icra edir.

17.4. Mərkəzlər aşağıdakılara görə məsuliyyət daşıyır:

17.4.1. fəaliyyətinin təhlükəsizliyinə, imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinə;

17.4.2. sertifikatdakı məlumatların tamlığı və düzgünlüyünə;

17.4.3. sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiqliyinə;

17.4.4. sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə;

17.4.5. Mərkəzin fəaliyyəti nəticəsində imza sahibinə maddi zərər vurulmasına;

17.4.6. sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına.

17.5. Akkreditə edilmiş Mərkəz təkmil sertifikatların verilməsini Azərbaycan Respublikasının qanunvericiliyinin, bu Qanunun və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirir və sertifikatda onun istifadə sahələrini, məhdudiyyətlərini göstərir.

17.6. Təkmil sertifikat və xarici sertifikat xidmətləri mərkəzinin sertifikatına təminat vermiş akkreditə edilmiş Mərkəz imza istifadəçisinə vurulmuş zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.

17.7. İmza sahibi tərəfindən müqavilə şərtlərinin pozulması, sertifikatın təyinatına riayət edilməməsi nəticəsində imza istifadəçisinə vurulmuş zərərə görə Mərkəzlər məsuliyyət daşımır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver