9.1. Mərkəz Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və qeydiyyatdan keçməlidir.
9.2. Məlumatda Mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin ünvanı, hüquqi statusu, maliyyə, texniki, kadr imkanları və fəaliyyətinin xüsusiyyətləri göstərilməlidir. Hüquqi şəxs bu məlumatlara dövlət qeydiyyatı şəhadətnaməsi və nizamnaməsinin surətini, fiziki şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti barədə sənədləri əlavə etməlidir. Təqdim edilən sənədlərin siyahısı qeydiyyat qaydaları ilə müəyyən edilir.
9.2-1. Mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.
9.3. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində Mərkəzin təqdim etdiyi sənədləri yoxlayaraq Mərkəzin qeydiyyatı barədə qərar qəbul edir,
9.4. Təkmil sertifikat xidmətləri göstərmək üçün Mərkəz müvafiq icra hakimiyyəti orqanında akkreditədən keçir və ona təkmil sertifikat verilir.
9.5. Akkreditə edilmiş mərkəzlərin sayına məhdudiyyət qoyulmur.
9.6. Mərkəz fəaliyyətə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikat xidmətləri mərkəzləri reyestrinə qeydiyyat məlumatlarının daxil edilməsindən sonra başlaya bilər.
9.7. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda Mərkəzi qeydiyyata almaqdan imtina edə bilər:
9.7.1. iddiaçı şəxs bu Qanunun tələblərinə uyğun olmadıqda;
9.7.2. təqdim edilmiş məlumat və sənədlər bu Qanunun tələblərinə uyğun olmadıqda;
9.7.3. iddiaçı şəxs yanlış məlumatlar təqdim etdikdə;
9.7.4. informasiya sisteminin təhlükəsizliyinin auditinin nəticələrinə əsasən iddiaçı şəxsin Mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmadıqda;
9.7.5. iddiaçı şəxsin sertifikatlaşdırma və ya vaxt göstəricilərinin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyəti bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun olmadıqda;
9.7.6. iddiaçı şəxsin dövlətə vergi borcu olduqda;
9.7.7. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
9.8. Mərkəzin qeydiyyatı və akkreditə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.