Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Əsas anlayışlar

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. əmanət – bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla, hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir;

2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:

2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

2.1.2.3. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;

2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;

2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;

2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;

2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;

2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

2.1.4. Əmanətçi – bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.

2.1.5. Qorunan əmanətçi – aşağıdakılar istisna olunmaqla, bankda əmanəti olan fiziki şəxsdir:

2.1.5.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin, idarə heyətinin üzvləri və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

2.1.5.2. bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);

2.1.5.3. kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.

2.1.6. İştirakçı bank – bu qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır.

2.1.7. Birgə əmanət hesabı – iki və ya daha çox fiziki şəxsin sahibliyində olan və onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır.

2.1.8. Sığorta haqları – bu qanunla müəyyən edilmiş qaydada iştirakçı bankın Fonda ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.

2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir.

2.1.10. Sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.

2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver