Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Əmanətlərin Sığortalanması Fondunun hüquqi statusu

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Əmanətlərin sığortalanması məqsədləri üçün bu qanunla Əmanətlərin Sığortalanması Fondu yaradılır.

3.2. Fondun sığorta ehtiyatları bu qanunun 11-ci maddəsində müəyyən olunan mənbələr hesabına formalaşdırılır.

3.3. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. O, üzərində öz adı olan möhürə, habelə Mərkəzi Bankda və bu qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir.

3.4. Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.

3.5. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Fondun qaydalarına əsaslanır. Fondun qaydaları bu qanunla müəyyən edilmiş səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir və bütün iştirakçı banklar üçün məcburi xarakter daşıyır.

Sığorta qanunvericiliyinin müddəaları Fondun fəaliyyətinə şamil edilmir və bu fəaliyyət üçün xüsusi razılıq (lisenziya) tələb olunmur.

3.6. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

3.7. Xarici bankın öz ölkəsindəki əmanətlərin (depozitlərin) sığorta sistemi onun Azərbaycan Respublikasında fəaliyyət göstərən filialını (filiallarını) əhatə etdikdə, xarici bankın yerli filialındakı əmanətlər Fond tərəfindən sığorta olunmur, bu şərtlə ki, həmin ölkədə əmanətlərin sığortalanması sisteminin qaydaları bu qanunla müəyyən olunmuş şərtlərdən az əlverişli olmasın. Əks təqdirdə xarici bankın yerli filialındakı əmanətlər bu qanunla müəyyən edilmiş qaydada əlavə sığortalanmalıdır.

3.8. Fond öz gəlirləri, iştirakçı banklar isə Fonda ödədikləri sığorta haqları üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlərdən istifadə edir.

3.9. Fond Bakı şəhərində yerləşir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver