6.1. Fondun Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir.
6.2. Himayəçilik Şurasının tərkibinə Mərkəzi Bankın iki nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.
6.3. İştirakçı bankların nümayəndələri onların yarısından çoxunun iştirakı ilə Mərkəzi Bankın təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir. Yığıncağın keçirilməsi barədə iştirakçı banklara 15 gün əvvəldən yazılı bildiriş göndərilir.
6.4. Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində müəyyən edilmiş qaydada Himayəçilik Şurasının üzvünü əvəz edə bilən əlavə üzvlər müəyyən edilir. Həmin şəxslər Himayəçilik Şurasının əsas heyət üzvləri iclaslarda iştirak edə bilmədikdə, onların səlahiyyətlərini icra edirlər.
6.5. Himayəçilik Şurasının üzvləri ali iqtisadi və ya hüquqi təhsilə və maliyyə-bank sistemində ən azı iki illik iş təcrübəsinə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan şəxslər ola bilərlər.
6.6. Himayəçilik Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.
6.7. Himayəçilik Şurasına sədr rəhbərlik edir. Himayəçilik Şurasının sədri və onun müavini Mərkəzi Bankın təqdimatı ilə Himayəçilik Şurası tərəfindən şuranın üzvləri sırasından təyin edilir. Şuranın sədri olmadıqda, onun səlahiyyətlərini müavini icra edir.
6.8. Himayəçilik Şurasının üzvlərinə Fondun idarə edilməsində iştirakına görə haqq ödənilmir.
6.9. Himayəçilik Şurası üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilə bilər:
6.9.1. istefa ərizəsi verildikdə;
6.9.2. səlahiyyət müddəti başa çatdıqda;
6.9.3. geri çağırıldıqda;
6.9.4. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;
6.9.5. namizədliyini təqdim etmiş təşkilatda tutduğu vəzifədən azad olunduqda;
6.9.6. nümayəndəsi olduğu bank Fondun iştirakçıları sırasından çıxarıldıqda.
6.10. Himayəçilik Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, onun yerinə təyin edilmiş üzvün səlahiyyət müddəti əvəz etdiyi üzvün səlahiyyət müddətinin bitdiyi vaxt başa çatır.