1. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
1-1. Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirlər.
2. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.