Qanunvericilik › Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Əməliyyat-axtarış tədbirləri

Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər:

1) vətəndaşların sorğusu;

2) soraqlaşma;

3) telefon danışıqlarına qulaqasma;

4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;

5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;

6) məhkumların məktublarının yoxlanılması;

7) nəqliyyat vasitələrinə baxış keçirilməsi;

8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə;

9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi;

10) insanların güdülməsi;

11) şəxsiyyətin eyniləşdirilməsi;

12) nəzarət qaydasında mal alınması;

13) əşya və sənədlərin tədqiqi;

14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması;

15) nəzarətli göndəriş;

16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi;

17) hüquqi şəxsin yaradılması;

18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi.

II. Bu maddənin I hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər.

III. Bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.

IV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:

1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər;

2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.

V. Bu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər.

VI. Hər hansı bir şəxsə zor işlədilməsi, hədə-qorxu ilə tələb etmə və ya hüquqazidd digər hərəkətlər tətbiq edilməsi təhlükəsinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti olduqda onların telefonu və ya digər danışıq cihazları ilə aparılan danışıqlara həmin şəxsin ərizəsi əsasında müvafiq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qulaq asıla bilər.

VII. Bu maddənin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin tətbiqinə yalnız mütəşəkkil cinayətkar qurumlar tərəfindən hazırlanan və ya törədilən ağır cinayətlərin, habelə xüsusi təhlükəli dövlət cinayətlərin, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, terrorçuluğu maliyyələşdirmə, korrupsiya cinayətləri və iqtisadi sahədə olan digər cinayətlərin qarşısının alınması, həmin cinayətlərin açılması və onları hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi ilə əlaqədar yol verilir.

VIII. Bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır.

IX. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.

X. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd: Bu Qanunun 10-cu və digər maddələrində “yaşayış yeri” dedikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində nəzərdə tutulmuş yerlər başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver