I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
1) fiziki şəxslərin ərizələri;
2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri;
3) mediada dərc olunmuş məlumatlar;
4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar;
5) əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğuları;
6) Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanlarının yazılı sorğuları;
7) cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan şəxslərin yazılı tapşırıqları;
8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları.
9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları.
III. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır:
1) məhkəmənin (hakimin) qərarları;
2) istintaq orqanlarının qərarları;
3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları.
IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər:
1) başlanmış cinayət işi mövcud olduqda:
3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda;
4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda;
5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə;
6) naməlum meyit aşkar edildikdə.