I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
II. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı bilavasitə və birbaşa rəisinə tabedir. Rəisindən açıq-aşkar qanunsuz əmr və ya göstəriş aldıqda o qanunu rəhbər tutmalı və əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına bu barədə məlumat verməlidir. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən rəisinin əmrini və yaxud göstərişini yerinə yetirdiyi vaxtda cinayət baş verərsə və ya verəcəyi ehtimal olunarsa, bu barədə əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına və yaxud məhkəməyə şikayət verə bilər.
III. Qanunla birbaşa buna müvəkkil edilmiş şəxslər istisna olmaqla əməliyyat-axtarış fəaliyyəti subyektlərinin və onların vəzifəli şəxslərin qanuni hərəkətlərinə heç kəs müdaxilə edə bilməz.
IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoşəkillərdən, həmçinin vətəndaşların həyatı və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və başqa vasitələrdən istifadə edilə bilər.
V. Obyektiv səbəblərdən əməliyyat-axtarış tədbirlərinin tətbiqini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır.
VI. Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə aşağıdakı hallarda son qoyulur:
1) bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunduqda;
2) haqqında keçirilən şəxsin hərəkətlərində cinayət tərkibinin mövcudluğu 6 ay ərzində müəyyən edilmədikdə.
VII. Əməliyyat tapşırığını yerinə yetirərkən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxsin cinayətkar qrupların və ya kriminogen obyektlərin daxilində olması, habelə bu zaman zəruri özünümüdafiə və ya son zərurət halında onun tərəfindən yol verilmiş hərəkətlər Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət tərkibini yaratmır.
VIII. Əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar dövlət sirrinin bir növü kimi müvafiq qanunla müəyyən edilmiş qaydada mühafizə olunur.
IX. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən dövlət sirri və xidməti sirr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatların mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına aid olan məlumatlar aşkarlanmamalıdır.
X. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilərlər.