I. Qanunla mühafizə edilən yazışma, telefon, poçt-teleqraf və digər rabitə üsulları ilə ötürülən məlumatların sirrinin qorunması, eləcə də mənzil toxunulmazlığı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin tətbiqinə ancaq cinayət hazırlayan, cinayət törətməyə sui-qəsd edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər barədə məlumat toplamaq, habelə oğurlanmış əmlakı tapmaq, dəlillərinin gizlədilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və axtarılan şəxslərin tutula biləcəyini güman etmək üçün kifayət qədər əsas olduğu halda icazə verilir.
II. Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.
III. Şəxs tərəfindən cinayətin törədilməsi və ya hazırlanması barədəki kifayət qədər əsas olduqda onun özü və əlaqələri haqqında məlumat almaq məqsədilə tətbiq edilən əməliyyat-axtarış tədbirində insanın səhhətinə və ətraf mühitə ziyan vuran texniki vasitə, psixotrop, kimyəvi və digər maddələrdən istifadə edilməsi qadağandır.
IV. Əməliyyat-axtarış tədbirlər tətbiq edilərkən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsləri, həmin tədbirlərin cinayətkar qəsdlərin dövlətin və cəmiyyətin mənafeyinə vura biləcəyi ziyanın ictimai təhlükəsizlik dərəcəsinə uyğunluğunu gözləməyə borcludurlar.