I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır.
II. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır.
III. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir.
IV. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır.
V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir.