I. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır.
III. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir.
IV. Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir.
V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir.
VI. Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirlərin nəticəsində əldə edilmiş məlumatlarını yaymaq qadağandır.
VII. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir.