I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər.
III. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər.
IV. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar (korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil.
V. Əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.