Qanunvericilik › Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatları

Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar:

1) bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri yerinə yetirmək;

2) hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır.

II. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər.

III. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hər hansı bir siyasi partiyanın və ya digər ictimai birliklərin mənafeyi naminə hərəkətlər etməsi, qanunvericilik və ya məhkəmə hakimiyyəti orqanlarının, habelə qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş ictimai birliklərin və dini təşkilatların işində onların qanuni fəaliyyətinə təsir etmək məqsədilə məxfi iştirak etməsi qadağandır.

IV. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkəti nəticəsində hüquq və azadlıqları pozulmuş hər bir şəxs həmin əməliyyat-axtarış fəaliyyətinin subyektinin tabe olduğu yuxarı orqanının rəhbərinə, prokurora və ya məhkəməyə şikayət etmək hüququna malikdir.

V. Belə şikayətin mahiyyəti üzrə qərar qəbul etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq olaraq xidməti yoxlama və ya məhkəmə baxışı aparılmalıdır. Onun hərtərəfliyini və dolğunluğunu təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin subyekti məhkəmənin qərarına əsasən dövlət sirrinin və xidməti sirrinin yayılması və əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə gizli surətdə yardım göstərən şəxslər haqqında məlumatlar istisna olmaqla, əməliyyat-qeydiyyat işinin məzmunu ilə şikayətçini tanış etməyə borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver