I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.
II. Əməliyyat-axtarış tədbirlərin əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyünü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkili olunmuş şəxsləri öz vəzifələrini yalnız bu orqanların səlahiyyətləri daxilində həyata keçirirlər.
IV. Poçt göndərişlərinin, teleqraf və digər məlumatların yoxlanılması, mülkiyyət formasından asılı olmayaraq rabitə xidmətləri göstərən, rabitə vasitələri təqdim edən idarə, müəssisə və təşkilatların, fiziki və hüquqi şəxslərin stansiya avadanlığına qoşulmaqla telefon danışıqlarının qulaqasması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması ilə bağlı əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən tətbiq edilir.
V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər.