10.1. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər bir energetika subyekti və istehlakçı heç bir maneə və ya ayrı-seçkilik olmadan energetika sahəsində fəaliyyət göstərən təbii inhisar və ya dövlət inhisarı subyektinin mal, iş və xidmətlərini, dövlət tərəfindən tənzimlənən qiymətlər tətbiq edilməklə və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən normativ hüquqi aktlarla və ya normativ xarakterli aktlarla müəyyən edilmiş şərtlərlə əldə etmək hüququna malikdir.
10.2. Təbii inhisar və ya dövlət inhisarı subyekti bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hüququ təmin etməkdən yalnız inhisarçı mövqe tutan müvafiq energetika obyektlərinin və ya energetika şəbəkələrinin həcmləri və ya gücləri çatışmadıqda, tənzimləyici tərəfindən müəyyən edilmiş obyektiv texniki və iqtisadi meyarlarla əsaslandırmaqla imtina edə bilər. Energetika subyekti və ya istehlakçı imtinanın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə tənzimləyiciyə, təbii inhisar subyektinə münasibətdə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq həmçinin rəqabət orqanına müraciət etmək hüququna malikdir. İmtinanın əsassız olduğu müəyyən edildikdə tənzimləyicinin tələbi, habelə rəqabət orqanın qərarı ilə təbii inhisar və ya dövlət inhisarı subyekti öz mal, iş və xidmətlərinin energetika subyekti və ya istehlakçı tərəfindən əldə edilməsini təmin edir.