16.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.
16.2. Enerji effektivliyi fondu aşağıdakı mənbələr hesabına maliyyələşir:
16.2.1. enerji resurslarının satışından bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsait;
16.2.2. kreditlər və qrantlar;
16.2.3. hüquqi və fiziki şəxslərin könüllü ianələri;
16.2.4. beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
16.2.5. fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər;
16.2.6. qanunla qadağan olunmayan digər mənbələr.
16.3. Enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aşağıdakı xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur:
16.3.1. enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi;
16.3.2. bu Qanunun 18-ci maddəsində nəzərdə tutulan enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
16.3-1. Bu Qanunun 16.3.1-ci və 16.3.2-ci maddələrində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinin yuxarı həddi bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir.
16.4. Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.