17.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyinin yüksəldilməsi üçün aşağıdakıları müəyyən edir:
17.1.1. binalar üçün minimum enerji effektivliyi normalarını;
17.1.2. binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarını;
17.1.3. enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarını;
17.1.4. enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərini;
17.1.5. enerji effektivliyi informasiya sisteminin əsasnaməsini.
17.2. İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:
17.2.1. 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;
17.2.2. 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.
17.3. Aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir:
17.3.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);
17.3.2. yardımçı və müvəqqəti tikililər;
17.3.3. istixanalar və anbar binaları;
17.3.4. istehsalat binaları;
17.3.5. fərdi yaşayış evləri;
17.3.6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri.