11-1.1. Azərbaycan Respublikasının ərazisində sahə inzibati ərazi dairələrinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
11-1.3. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında sahə inzibati ərazi dairələrinin yaradılması, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi halları istisna olmaqla sahə inzibati ərazi dairələrinin yaradılması, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
11-1.3.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin yaradılması, onun adlandırılması və adının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsinə dair qərarı;
11-1.3.2. irəli sürülən təklifin məqsədəuyğunluğunun əsaslandırılmasını, bu Qanunun 5.4-1-ci maddəsinə uyğunluğunu göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;
11-1.3.3. sahə inzibati ərazi dairələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi.
11-1.4. Sahə inzibati ərazi dairəsinin ləğvinə həmin sahə inzibati ərazi dairəsinin ərazisində yaşayan əhalinin köçməsi, bir sahə inzibati ərazi dairəsinin digər sahə inzibati ərazi dairəsi ilə birləşməsi, sahə inzibati ərazi dairəsinin ərazisi bütövlükdə şəhər, qəsəbə və ya kənd inzibati ərazi dairəsi tərkibinə daxil olan ərazi vahidinin ərazisinə birləşdirilməsi, sahə inzibati ərazi dairəsinin bütün ərazisi hüdudlarında qəsəbə inzibati ərazi dairəsinin yaradılması və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında sahə inzibati ərazi dairəsinin ləğv edilməsi halları istisna olmaqla, sahə inzibati ərazi dairələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
11-1.4.1. müvafiq icra hakimiyyəti orqanının sahə inzibati ərazi dairəsinin ləğv edilməsinə dair qərarı;
11-1.4.2. sahə inzibati ərazi dairəsinin ləğv edilməsinin səbəbini göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu.
11-1.5. Sahə inzibati ərazi dairələri birləşdikdə bu Qanunun 11-1.4-cü maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan sahə inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi əlavə olunur.
11-1.6. Sahə inzibati ərazi dairəsi müvafiq şəhər inzibati ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin hüdudlarında nömrə ardıcıllığına uyğun olaraq adlandırılır.
11-1.7. Sahə inzibati ərazi dairəsinin hüdudları onların yaradıldığı rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsinin sərhədlərinə müvafiq olaraq müəyyən edilir və onlara uyğun olaraq dəyişdirilir.