5.1. Azərbaycan Respublikasının ərazi quruluşunu Azərbaycan Respublikasının ərazisində yerləşən rayon, şəhər, qəsəbə və kənd statusuna malik olan ərazi vahidləri təşkil edir. Hər bir ərazi vahidinin sərhədi, adı və onun ərazisində daimi yaşayan əhalinin sayı müəyyən olunur.
5.2. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı inzibati ərazi vahidləri təşkil edir.
5.3. Ərazi vahidlərinə şəhər, qəsəbə və kənd statusu onların ərazisində daimi yaşayan əhalinin sayından və ya əksəriyyətinin məşğul olduğu fəaliyyət (təsərrüfat) növündən, ərazinin sosial-iqtisadi inkişafı səviyyəsindən, istehsalat, yaxud sosial-mədəni infrastrukturun ixtisaslaşmasından və müvafiq ərazidə həyata keçirilən dövlət funksiyalarından asılı olaraq verilir. Tək-tək həyətlər müstəqil ərazi vahidləri təşkil etmir və təsərrüfat, inzibati və ya ərazi cəhətdən əlaqədar, yaxud yaxın olduqları ərazi vahidlərinin tərkibində hesab edilir.
5.4. Azərbaycan Respublikasının rayonları onların ərazisində yerləşən ayrı-ayrı şəhərlərdən, qəsəbələrdən, kəndlərdən və inzibati ərazi dairələrindən təşkil olunur.
5.4-1. Rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairəsi onun əhatə edəcəyi ərazidə yaşayan əhalinin sayının 20.000 nəfər və daha çox olması şərti ilə yaradılır. Əhalisinin sayı 20.000 nəfərdən az olan rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində yalnız bir sahə inzibati ərazi dairəsi yaradıla bilər.
5.5. Ayrı-ayrı hallarda əhalisinin sayı 15.000 nəfərdən az, lakin 12.000 nəfərdən yuxarı olan, inkişaf etmiş istehsalat və sosial infrastruktura, ərazisində ümumdövlət əhəmiyyətli müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi və mədəni abidələr yerləşən, habelə gələcək inkişaf və əhalisinin sayının artması perspektivinə malik olan böyük inzibati, iqtisadi və mədəni mərkəzlər şəhərlər kateqoriyasına aid edilə bilər.
5.6. Böyük ərazilərə malik olan şəhərlərin idarə edilməsinin səmərəliləşdirilməsi və sadələşdirilməsi, o cümlədən əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının səmərəli təşkil edilməsi məqsədi ilə həmin şəhərlərin əraziləri zəruri hallarda rayonlara bölünür.
5.7. Milli təhlükəsizlik və ya müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin yerləşməsi ilə şərtləndirilmiş xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi zərurəti ilə əlaqədar bəzi ərazi vahidləri, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilər qapalı elan edilə bilər. Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarə etmənin tətbiq edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
5.8. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərə ad verilməsi, onların adlarının dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunu əsasında həyata keçirilir.
5.9. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin statusu Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir.