7.1. Yeni yaranmış, habelə mövcud olan və əhalinin daimi yaşadığı bütün ərazi vahidləri qeydə alınmalı və onların inzibati tabeliyi müəyyən olunmalıdır.
7.2. Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir..
7.4. Bu qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi vahidlərinin qeydə alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
7.4.1. müvafiq icra hakimiyyəti orqanının ərazi vahidinin qeydiyyata alınmasına dair qərarı;
7.4.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;
7.4.3. ərazi vahidinin harada yerləşməsi, onun yaranması səbəbi, təklif olunan ad, onun əsaslandırılması, əhalisinin sayı və əsas məşğuliyyətə görə tərkibi, ərazi vahidi üçün nə zaman və kim tərəfindən torpaq ayrılması və onun tikilişi planı haqqında məlumat (təsdiq edən orqanın adı və təsdiqin tarixi), ərazi vahidindən tabe olacağı inzibati ərazi vahidinin və ya inzibati ərazi dairəsinin mərkəzinədək (poçt şöbəsinədək), yaxın dəmiryol stansiyasınadək məsafə barədə müvafiq icra hakimiyyəti orqanının izahat məktubu;
7.4.4. qeydə alınması təklif olunan ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə);
7.4.5. qeydə alınması təklif olunan ərazi vahidinin və onun tabe olacağı inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.
7.5. Ərazi vahidinin qeydiyyatdan çıxarılmasına həmin ərazi vahidinin əhalisinin köçməsi, bir ərazi vahidinin digər ərazi vahidi ilə birləşməsi və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir. Bu qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi vahidlərinin qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
7.5.1. müvafiq icra hakimiyyəti orqanının ərazi vahidinin qeydiyyatdan çıxarılmasına dair qərarı;
7.5.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;
7.5.3. müvafiq bələdiyyə orqanının ərazi vahidinin qeydiyyatdan çıxarılmasına dair qərarı;
7.5.4. ərazi vahidində əhalinin qalıb-qalmamasını, əhalinin qaldığı halda isə onun sayını, habelə ərazi vahidinin qeydiyyatdan çıxarılmasının səbəbini, onun hüdudlarında dövlət mülkiyyəti obyektlərinin olub-olmamasını göstərən müvafiq icra hakimiyyəti orqanının izahat məktubu.
7.6. Ərazi vahidləri birləşdikdə bu Qanunun 7.5-ci maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan ərazi vahidinin və onun tabe olacağı inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri və birləşən ərazi vahidlərində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə) əlavə olunur.