Qanunvericilik › Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi

Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Yeni yaranmış, habelə mövcud olan və əhalinin daimi yaşadığı bütün ərazi vahidlərinin sərhədləri müəyyən edilməlidir. Ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsinə bir ərazi vahidi digər ərazi vahidi ilə birləşdikdə, ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirildikdə və bir inzibati ərazi dairəyə daxil olan iki və ya daha çox kənd və ya qəsəbənin qarşılıqlı razılaşması hallarda yol verilir.

8.2. Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

8.4. Bu qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:

8.4.1. ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarları;

8.4.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;

8.4.3. müvafiq bələdiyyə orqanlarının ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsinə dair qərarları;

8.4.4. ərazinin sahəsi və torpaqların əsas istifadəçilərini, əhalinin ümumi sayını, sənaye və kənd təsərrüfatı müəssisələrinin, tikinti, nəqliyyat, kommunal və digər təşkilatların sayını, torpaq ayrılmasını, onun geriyə qaytarılmasını və ya əlavə torpaq sahəsinin ayrılmasını əsaslandıran (bu hüquqları verən sənəd əlavə olunmaqla) izahat məktubu;

8.4.5. sərhədlərinin müəyyən edilməsi və ya dəyişdirilməsi təklif olunan ərazi vahidinin və onun tabe olduğu inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri.

8.5. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq ərazi vahidinin yeni yaradılan inzibati ərazi vahidinin tabeliyinə verildiyi, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında ərazi vahidinin inzibati tabeliyinin dəyişdirildiyi hallar istisna olmaqla, ərazi vahidinin inzibati tabeliyi dəyişdikdə (başqa rayona və ya şəhərə verildikdə) bu Qanunun 8.4-cü maddəsində göstərilmiş sənədlərə inzibati tabeliyi dəyişən ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə) əlavə olunur.

8.6. Ərazi vahidinin sərhədinin müəyyən edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver