7.1. Dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğuya cavab verməkdən, habelə informasiyanın yayılmasından aşağıdakı hallarda imtina edə bilər:
7.1.1. dövlətin təhlükəsizlik məsələləri ilə bağlı olduqda;
7.1.2. dövlət hakimiyyəti orqanlarının beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə məxfi materiallarına istinad edildikdə;
7.1.3. məhkəmə orqanlarında baxılan və ya ibtidai istintaq mərhələsində olan məsələlərə aid olduqda;
7.1.4. kommersiya sirrinə aid olduqda;
7.1.5. açıqlanması ətraf mühit üçün təhlükə yaradacağı və ya onun komponentlərinə zərər vura biləcəyi təqdirdə;
7.1.6. qanunvericiliklə müvafiq səlahiyyətə malik olmayan və ya üzərinə belə öhdəlik qoyulmayan, habelə məlumatların yayılmasına razılıq verməyən üçüncü şəxs tərəfindən təqdim olunmuş materiallara istinad olunduqda.
7.2. Mövcud informasiya müvafiq dövlət orqanına təqdim edilən zaman sahibkar tərəfindən kommersiya sirri elan edilmişdirsə, həmin informasiyanı saxlayan şəxs onun açıqlanmasından dəyə biləcək zərər barədə sahibinin mövqeyini öyrənmək üçün sorğu verməlidir. Bu sorğuya 15 gün müddətində cavab verilməlidir. Sahibkarın fəaliyyəti nəticəsində yaranan tullantılar və digər təsirlər kommersiya sirrinə aid edilə bilməz. İnformasiyanın açıqlanmasında ictimai maraq onun gizlədilməsi marağından yüksək olduğu hallar istisna edilməklə, müraciət və ya sorğu edənə səbəbləri bildirməklə, informasiyanın verilməsindən imtina oluna bilər.
7.3. Bu Qanunun 7.1 və 7.2-ci maddələrində göstərilən informasiyadan ayırmaq mümkün olduqda, həmin informasiya onu verən orqan tərəfindən müəyyən edilən qaydada qismən də verilə bilər.