Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas terminlər və anlayışlar

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:

ətraf mühit – insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu;

ekologiya – ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki proseslər öyrənən elm;

təbii resurslar (ehtiyatlar) – insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;

ətraf mühitin mühafizəsi – ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması;

təbiətdən istifadə – gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədi ilə ətraf mühitin ekoloji tarazılığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;

ətraf mühitin monitorinqi – təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi;

ekoloji sistem – qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir;

ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması – insan yaşayışı üçün ətraf mühitin yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji sistemlərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsi;

ətraf mühitə zərərli təsir – ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət;

ətraf mühitin keyfiyyət göstəriciləri – səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri;

ekoloji ekspertiza – ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə həmin obyektlərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunun və realizəsinin mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsi;

dövlət ekoloji ekspertizası – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunla müəyyən edilmiş qaydada və hallarda aparılan ekoloji ekspertiza;

ictimai ekoloji ekspertiza – fiziki şəxslər, qeyri-hökumət təşkilatları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra – ictimai ekoloji ekspertizanın təşkilatçıları) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla aparılan ekoloji ekspertiza;

dövlət ekoloji ekspertizasının rəyi (bundan sonra – ekoloji ekspertiza rəyi) – dövlət ekoloji ekspertizasının nəticələrinə dair rəsmi sənəd;

ictimai ekoloji ekspertiza rəyi – ictimai ekoloji ekspertizanın nəticələrinə dair tövsiyə xarakterli sənəd.

Bu Qanunda istifadə olunan digər anlayışlar “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver