Qanunvericilik › Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Fərdi məlumatların hüquqi rejimi və mühafizəsi

Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.

5.2. Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.

5.3. Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.

5.4. Xüsusi kateqoriyalı məlumatlar, onların xüsusiyyəti və bu Qanunun 11.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, konfidensial, həm də açıq fərdi məlumatlar kateqoriyasına aid edilə bilər.

5.5. Fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizam verməlidirlər.

5.6. Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər.

5.7. Fərdi məlumatlar ümumi istifadəli informasiya sistemlərinə açıq mənbələrdən daxil edildikdə həmin informasiya sisteminin operatoru daxil edilən məlumatların tərkibini və əldə edilmə mənbəyini subyektə bildirməlidir. Bu məlumatlar subyektin, məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının yazılı tələbi ilə həmin informasiya sistemindən təxirə salınmadan çıxarılmalıdır.

5.8. Mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir.

5.9. Fərdi məlumatların mühafizəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

5.10. Fərdi məlumatların arxivləşdirilməsinə aid qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver