6.0. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimləməsi tədbirləri aşağıdakılardan ibarətdir:
6.0.1. milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması və onun təhlükəsizliyinin təmin olunması, bu sahədə təhdidlərin və mühafizə səviyyəsinin qiymətləndirilməsi;
6.0.2. fərdi məlumatların toplanılmasının və işlənilməsinin hüquqi əsaslarının müəyyən edilməsi;
6.0.3. fərdi məlumatların toplanılması və işlənilməsi zamanı əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi;
6.0.4. fərdi məlumatların toplanılması və işlənilməsi üzrə fəaliyyətin lisenziyalaşdırılması;
6.0.5. fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının aparılması;
6.0.6. fərdi məlumatların informasiya sistemlərinin, habelə müvafiq informasiya texnologiyaları vasitələrinin sertifikatlaşdırılması;
6.0.7. fərdi məlumatların informasiya sistemlərinin yaradılması və tətbiq edilməsi sahəsində hüquqi və texniki sənədləşdirmənin standartlaşdırılması;
6.0.8. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin və onların layihə sənədlərinin dövlət ekspertizasının həyata keçirilməsi;
6.0.9. dövlət idarələrarası fərdi məlumatların informasiya sistemlərinin yaradılması və idarə edilməsi sahəsində dövlət tənzimləməsi.