8.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir.
8.2. Subyektin fərdi məlumatların işlənilməsi üçün yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığına aşağıdakılar daxil edilməlidir:
8.2.1. subyektin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar;
8.2.2. subyektdən razılıq alan mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar;
8.2.3. fərdi məlumatların toplanılması və işlənilməsi məqsədi;
8.2.4. subyekt tərəfindən işlənilməsinə razılıq verilmiş fərdi məlumatların və onların işlənilmə əməliyyatlarının siyahıları;
8.2.5. subyektin razılığının qüvvədə olma dövrü və onun geri götürülməsi şərtləri;
8.2.6. fərdi məlumatların müvafiq informasiya sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya subyektin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri.
8.3. Subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir.
8.4. Subyektdən onun fərdi məlumatlarının toplanılması və işlənilməsi üçün razılığın alınması haqqında sübutun təqdim olunması vəzifəsi mülkiyyətçinin və ya operatorun üzərinə düşür. Vəfat etmiş şəxslər barəsində fərdi məlumatların işlənilməsinə subyektin sağlığında qadağan qoyulmamışdırsa, həmin məlumatlar qanunvericiliklə müəyyən olunmuş hallarda işlənilə bilər.
8.5. Açıq fərdi məlumatların toplanılmasını və işlənilməsini həyata keçirən mülkiyyətçi və ya operator subyektin tələbi ilə həmin məlumatların açıq fərdi məlumatlar kateqoriyasına aid olduğunu sübut etməlidir.
8.6. Bu Qanunun 3.2-ci maddəsində qeyd edilən hallar, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi istisna olmaqla, fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilir.