Qanunvericilik › Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin əsas şərtləri

Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin məqsədi mülkiyyətçi və ya operator tərəfindən dəqiq bəyan edilməli, həmin məlumatların toplanılması və işlənilməsi bu məqsədlərə, habelə mülkiyyətçinin və ya operatorun maddi-texniki və təşkilati imkanlarına uyğun olmalıdır. Fərdi məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir.

9.2. Toplanılan və işlənilən fərdi məlumatların həcmi və xarakteri bəyan edilmiş məqsədlərə və mülkiyyətçilərin səlahiyyətlərinə uyğun olmalıdır.

9.3. Fərdi məlumatlar dəqiq, tam olmalı və zərurət yarandıqda təzələnməlidir.

9.4. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir.

9.5. Fərdi məlumatların bu Qanunla müəyyən olunmuş toplanılması və işlənilməsi şərtləri insan orqanizminin bioloji xüsusiyyətlərini səciyyələndirən və onun kimliyini birmənalı olaraq müəyyənləşdirməyə imkan verən məlumatların – əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və fiziki çatışmazlıqlarının təsviri, yazı xətti və imzası, habelə digər biometrik məlumatların toplanılmasına və işlənilməsinə tam həcmdə şamil edilir.

9.6. Fərdi məlumatların toplanılması və işlənilməsi yalnız aşağıdakı şərtlərdən biri olduqda həyata keçirilə bilər:

9.6.1. subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda;

9.6.2. fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə;

9.6.3. elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla işlənildikdə;

9.6.4. fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda.

9.7. Xüsusi kateqoriyalı məlumatların toplanılmasına və işlənilməsinə, aşağıdakı hallar istisna olmaqla, yol verilmir:

9.7.1. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi qanunla müəyyən olunmuş hallarda məcburi xarakter daşıdıqda;

9.7.1-1. subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı olduqda;

9.7.2. xüsusi kateqoriyalı məlumatlar bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada açıq məlumatlar kateqoriyasına aid olduqda;

9.7.3. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunması üçün zəruri olduqda və belə məlumatların əldə olunması üçün subyektin razılığının alınması mümkün olmadıqda;

9.7.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərtilə aparıldıqda.

9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi səbəbləri aradan qaldırıldıqda həmin məlumatlara dərhal qadağan qoyulmalı, xüsusi kateqoriyalı məlumatların subyekti həmin məlumatların informasiya sistemində saxlanmasına və ya arxivə verilməsinə razılıq vermədikdə bu məlumatlar təxirə salınmadan məhv edilməlidir.

9.9. Mülkiyyətçi fərdi məlumatların toplanılmasını və işlənilməsini müqavilə əsasında, fərdi məlumatların mühafizəsinin təmin olunması şərtilə operatora həvalə etmək və ya özü operator kimi fəaliyyət göstərmək hüququna malikdir.

9.10. Fərdi məlumatlara dair ümumi istifadəli və korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatlar ödənişli əsaslarla üçüncü şəxslərə təqdim oluna bilər. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.11. Fərdi məlumatların korporativ informasiya sistemlərində bu sistemlərdən istifadə etmək hüququ olan istifadəçilərə xidmət göstərilir.

9.12. İnformasiya sistemlərində və ehtiyatlarında fərdi məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, ərizələrin qeydiyyatının və baxılmasının nəticələri, habelə informasiya sistemlərinin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyatlar barədə qeydlərin müvafiq nəzarət-audit jurnallarında toplanılması mülkiyyətçi və ya operator tərəfindən təmin olunur.

9.13. Elmi və statistik tədqiqatlar həyata keçirilərkən operator aldığı fərdi məlumatları adsızlaşdırmalıdır. Adsızlaşdırılmış məlumatların işlənilməsi nəticələrinin dövlət sirri təşkil edən məlumatlara aid edildiyi halda həmin məlumatların qorunması dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

9.14. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver