11.1. Fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir.
11.2. Fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur:
11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;
11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə;
11.2.4. fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
11.2.5. dini təbliğ etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməyə və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə;
11.2.6. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə.