15.1. Fövqəladə hallar orqanlarının əməkdaşı təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə üç ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə olduğu dövr bu müddətə daxil edilmir. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır.
15.2. Fövqəladə hallar orqanlarının əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda həmin andan vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər.
15.3. Fövqəladə hallar orqanlarının vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.
15.4. Barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir.
15.5. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 31.1-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız fövqəladə hallar orqanlarının əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasının davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti araşdırmanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində əməkdaş barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına dair və ya intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir.
15.6. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində əməkdaşa tam həcmdə əmək haqqı ödənilir.