14.1. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilə və ya başqa vəzifəyə keçirilə bilər.
14.2. Fövqəladə hallar orqanları əməkdaşının vəzifədə irəli çəkilməsinə və ya başqa vəzifəyə keçirilməsinə, bir qayda olaraq, onun razılığı ilə yol verilir. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən isə ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır.
14.3. Səhhətinə görə (xüsusi-həkim ekspertiza komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə fövqəladə hallar orqanları əməkdaşının aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.
14.4. Fövqəladə hallar orqanlarının aşağı vəzifəyə keçirilmiş əməkdaşı sonradan xüsusi rütbəsi, peşəkarlığı, vəzifələrinin yerinə yetirilməsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Fövqəladə hallar orqanları əməkdaşının bir vəzifədən başqa vəzifəyə keçirilməsi bütün hallarda əsası göstərilməklə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxsin əmri ilə rəsmiləşdirilir və əməkdaşa elan edilir.
14.5. Fövqəladə hallar orqanlarının əməkdaşı dövlət orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrə keçdikdə, fövqəladə hallar orqanlarının kadr ehtiyatında saxlanıla bilər.