18.1. Əməkdaşlar fövqəladə hallar orqanlarında aşağıdakı yaş həddinədək xidmət edirlər:
18.1.1. sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) - 50 yaş;
18.1.2. orta və böyük rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün - 55 yaş;
18.1.3. bu Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ali rəis heyəti vəzifələrində daxili xidmət general-mayoru, tibb xidməti general-mayoru, daxili xidmət general-leytenantı və tibb xidməti general-leytenantı xüsusi rütbələrində olan əməkdaşlar üçün - 60 yaş.
18.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ali rəis heyəti vəzifələrinə təyin olunan şəxslər üçün xidmətkeçmənin yaş həddi müəyyən edilmir.
18.3. Bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış fövqəladə hallar orqanlarının əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 5 ilə qədər müddətə uzadıla bilər.
18.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, xidmətkeçmənin yaş həddinə çatmış əməkdaşların fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilir.
18.5. Xidmət müddətinin artırılması haqqında qərar bu Qanunla nəzərdə tutulmuş əsaslarla fövqəladə hallar orqanları əməkdaşlarının xidmətdən xaric edilməsini istisna etmir.