Qanunvericilik › Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsi

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta etdirilir.

23.2. Fövqəladə hallar orqanlarının əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Tibbi xidmətin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir.

23.3. Fövqəladə hallar orqanları əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının tibb xidmətindən kənarda müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə, orta aylıq əmək haqqının bir misli məbləğində müalicə üçün birdəfəlik müavinət verilir.

23.4. Fövqəladə hallar orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində birdəfəlik müavinət verilir.

23.5. İllik əsas və əlavə məzuniyyətlərdən hər hansı səbəbdən istifadə etməmiş fövqəladə hallar orqanlarının əməkdaşlarına istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsi qanunvericiliyə uyğun həyata keçirilir.

23.6. Fövqəladə hallar orqanları əməkdaşlarına ölkə daxilində məzuniyyəti keçirmə yerinə getmə və geriyə qayıtma üçün yol haqqı aşağıdakı məzuniyyətlər verilərkən ödənilir:

23.6.1. əsas və xəstəliyə görə məzuniyyət dövründə (ildə bir dəfə);

23.6.2. müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə tətilə çıxmaqla əlaqədar (ildə iki dəfə);

23.6.3. müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar.

23.7. Fövqəladə hallar orqanları əməkdaşlarının ailə üzvlərindən birinə əsas məzuniyyəti keçirmə yerinə getmək və geri qayıtmaq üçün iki ildə bir dəfə yol haqqı ödənilir.

23.8. Fövqəladə hallar orqanlarının əməkdaşlarının mənzil hüququ, o cümlədən xüsusi təyinatlı yaşayış sahələrindən istifadə hüququ müvafiq qanunvericiliklə tənzimlənir. Mənzil növbəsinə dayanmış fövqəladə hallar orqanlarının əməkdaşı xidməti fəaliyyət zamanı vəfat etdikdə onun ailəsinin mənzil almaq hüququ saxlanılır.

23.9. Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlarına və ya onların ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi təmin edilir.

23.10. Fövqəladə hallar orqanının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşının və onun ailə üzvlərinin yeni xidmətkeçmə yerinə köçmə xərci və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

23.11. Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.

23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.

23.13. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir.

23.14. Xidməti vəzifələrini icra edərkən həlak olan (vəfat edən) əməkdaşların dəfni dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Əməkdaşların dəfni zamanı şərəfinə göstərilən ehtiram qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23.15. Fövqəladə hallar orqanları əməkdaşları dövlət büdcəsi vəsaiti hesabına imtiyazlı ödəmə şərti ilə ölkə daxilində sanatoriya-kurort müəssisələrinə yollayış ala bilərlər.

23.16. Bu Qanunun 23.3-cü və 23.4-cü maddələrində fövqəladə hallar orqanları əməkdaşlarına nəzərdə tutulan təminatlar müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver