Qanunvericilik › Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. İntizam məsuliyyətinin növləri

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:

31.1.1. məzəmmət (irad);

31.1.2. töhmət;

31.1.3. şiddətli töhmət;

31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;

31.1.5. aşağı vəzifəyə keçirmə;

31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması;

31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir);

31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə;

31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə.

31.2. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır.

31.3. Xidməti intizamı pozduğuna görə fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsi (daxili xidmət sıravisi, tibb xidməti sıravisi, daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər.

31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.

31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə fövqəladə hallar orqanları işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver