32.1. İntizam tənbehinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
32.2. Fövqəladə hallar orqanları əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.
32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas olduqda fövqəladə hallar orqanının rəhbəri tərəfindən araşdırma aparılır və əməkdaşdan yazılı izahat alınır. Zərurət olduqda müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən xidməti yoxlama təyin edilir.
Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Əməkdaşın izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur.
32.4. Fövqəladə hallar orqanlarının əməkdaşına intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
32.5. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər.
32.6. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra fövqəladə hallar orqanları əməkdaşına intizam tənbehi verilə bilməz.
32.7. Məzəmmət (irad), töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.
32.8. Bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda fövqəladə hallar orqanlarının əməkdaşına verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər.
32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və fövqəladə hallar orqanları əməkdaşının şəxsi işinə əlavə olunur. Verilmiş əmr üç gün ərzində əməkdaşa elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir.
32.10. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər.
32.11. Fövqəladə hallar orqanları əməkdaşının intizam tənbehi tətbiq edilməsi barədə əmrdən verdiyi şikayətlərə yuxarı orqan tərəfindən bir ay müddətində baxılmalı və nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir.