Qanunvericilik › Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı

Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi idman oyunlarının keçirilməsi, gənclərin mədəni-kütləvi tədbirlərə cəlb edilməsini həyata keçirirlər.

5.2. Dövlət gənclərin dünya görüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio proqramlarının, teatr tamaşalarının və filmlərin hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir.

5.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər zərərli vərdişlərə olan mənfi meyllərin azaldılması və aradan qaldırılması, habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirirlər.

5.4. Gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər.

5.5. Gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımının göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır.

5.6. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə, ilk növbədə, aşağıdakı xidmətlər göstərilir:

5.6.1. risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;

5.6.2. risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;

5.6.3. risk qrupunda olan gənclər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun təşkil edilməsi;

5.6.4. cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;

5.6.5. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;

5.6.6. risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.

5.7. 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə aşağıdakılara yol verilmir:

5.7.1. onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına;

5.7.2. onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına;

5.7.3. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinə.

5.8. Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini, onların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək məqsədi ilə “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər.

5.9. Müvafiq icra hakimiyyəti orqanları, media subyektləri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə dövlət rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlər, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanları haqqında elmi-populyar proqramlar hazırlayırlar və maarifləndirici layihə və proqramlar həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver